“Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunur. Bu günlərdə həmin şərab növünün kütləvi istehsalına başlanılıb.
YeniAvropa xəbər verir ki, bu haqda MMC-nin direktor müavini Vüqar Mikayılov məlumat verib. Onun sözlərinə görə, bu şərab alkoqollu şərabın vakkum aparatından keçirilməsi nəticəsində alınır.
Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışaraq deyib: “Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidan xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.
Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən xilas olmaq mümkündür.