logo

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

11:12 04-09-2018 | icon 2562
QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

YeniAvropa xəbər verir  ki, fətvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Fətva mətnində deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmiş, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olmuşdur. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır.

İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanmışdır. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcəkdir. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə xatir şəfa bəxş edəcəkdir, inşallah.

Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-Təalaya şükürlər edirik. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcəkdir. Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar. QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir.

 Allah köməyimiz olsun!

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!”