logo

İrandan 25 tonadək zərərli kartofun ölkəyə gətirilməsinin qarşısı alınıb

18:23 03-09-2018 | icon 2485
İrandan 25 tonadək zərərli kartofun ölkəyə gətirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində zərərli orqanizmlər olan 24 min 700 kiloqram kartof məhsulunun ölkə ərazisinə daxil olmasının qarşısını alıb.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya bildirilib ki, İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib. Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.

Aşkar edilmiş karantin tətbiq olunan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24 min 700 kiloqram kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.