logo

Biləsuvarda 500-dən artıq partlamamış hərbi sursat tapılıb

21:36 01-09-2018 | icon 2716
Biləsuvarda 500-dən artıq partlamamış hərbi sursat tapılıb

Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatında partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Aparılmış təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qurumun mütəxəssisləri tərəfindən 538 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.