Bu il oktyabrın 26-27-də Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək.
YeniAvropa xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunacaq tədbir təhlükəsizlik sahəsi üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektoru,eləcə də tələbə və ekspertləri bir araya gətirəcək.
İkigünlük tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək. İştirakçı komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar.
Təşkilatçılar informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil edəcək. Tədbir iştirakçiları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanına malik olacaq.
Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arası netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur. Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün “CİDC 2023” tədbirinin saytına (https://cidc.gov.az) müraciət etnək olar.