logo

Mikayıl Cabbarov ÜTT-nin baş direktoru ilə görüşüb

12:12 07-07-2023 | icon 2562
Mikayıl Cabbarov ÜTT-nin baş direktoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyində Azərbaycanın üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclasında iştirak etmək üçün İsveçrəyə səfər edib.

Nazirlikdən YeniAvropa-ya  bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Ngozi Okonyo-İveala ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədləri barədə məlumat verərək, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini, ölkəmizlə ÜTT ölkələri arasında əməkdaşlığın inkişafını, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Görüşdə ÜTT ilə əlaqələrin gücləndirilməsi imkanları, ölkəmizin təşkilat üzvləri ilə əməkdaşlığının prioritet istiqamətləri, ÜTT-yə üzvlüklə bağlı atılan addımlar, habelə, Azərbaycan iqtisadiyyatının dünyada mövqeyi və ticarətin liberallaşdırılması üçün görülən işlər barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşündə ölkəmizin iqtisadi-ticarət əlaqələri, ticarətin inkişafı, iqtisadi artımın sürətləndirilməsi, rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.