Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları keçirilib. Yarışda ölkəmizin idman şərəfini Azərbaycan yığma komandasının üzvləri Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) qoruyublar.
YeniAvropa Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda iki idmançımız - Mixail Malkin və Adil Hacızadə finala vəsiqə qazanmağa müvəffəq olub.
Həlledici mərhələdə təcrübəli idmançımız, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib. Adil Hacızadə isə medala çox yaxın olsa da, dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, gimnastlarımız bu yarışdan birbaşa Koimbra şəhərinə (Portuqaliya) gedərək, iyulun 7-8-də keçiriləcək daha bir dünya kuboku yarışlarında güclərini sınayacaqlar.