Gələn il yanvarın 1-dən etibarən vergiödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitəsilə şəxsi elektron kabinetlərinə daxil ola biləcəklər.
YeniAvropa Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin tarixdən etibarən vergiödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergiödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.
Gücləndirilmiş elektron imza vergiödəyiciləri üçün daha geniş imkanlar yaradır. Belə ki, elektron imza vasitəsilə vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və bu kimi sayı daim artan digər elektron xidmətlərin icrası mümkündür. Gücləndirilmiş elektron imzası olan vergiödəyiciləri istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilirlər.
Qeyd olunub ki, elektron kabinetinə daxil olmaq, “Əmək müqaviləsi bildirişi”ni elektron qeydiyyata almaq, vergiödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və digər elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzanın (Asan İmza) əldə edilməsi zəruridir.