Estoniya millisinin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Son iki qarşılaşmada uduzduğumuzdan, futbolçularda revanş istəyi var.
YeniAvropa xəbər verir ki, bu sözləri “EURO-2024”ün seçmə mərhələsi çərçivəsində Bakıda futbol üzrə Estoniya millisini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi iyunun 16-da təşkil olunan mətbuat konfransında deyib.
Estoniyada futbol mövsümünün davam etdiyini bildirən italiyalı mütəxəssis qeyd edib ki, Azərbaycanda mövsüm yekunlaşıb. Bu, vacib amildir. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik.
“Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar. İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, fərdi səhvlər oldu, bu da bizə baha başa gəldi”, - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı iyunun 17-də “Dalğa Arena”da keçiriləcək.