"Azərbaycan Banklar Assosiasiyası"(ABA) İctimai Birliyi İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) ilə memorandum imzalayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABA-nın prezidenti Zakir Nuriyev bildirib.
Z.Nuriyev qeyd edib ki, görüşün əsas məqsədi problemlərin olduğu təqdirdə onların qarşılıqlı müzakirə edilməsi və həll yolları üzrə tədbirlərin hazırlanmasıdır: “Eyni zamanda, razılığa gəldik ki, memorandum imzalayaq və bu sənəd çərçivəsində sahibkarların sualları yaradacağımız işçi qrupları tərəfindən cavablandırılacaq”.
ABA prezidenti, həmçinin vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankında da istehlakçıların hüquqlarının qorunması üzrə müvafiq şöbə yaradılıb. Bu işçi qrupları və şöbə çərçivəsində sahibkarların və istehlakçıların problemləri həll ediləcək.