2023-cü il dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillərdən biri də ötən 4 ay üzrə ölkənin makrofiskal göstəriciləri olub. Onlar da olduqca müsbətdir.
YeniAvropa xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri təqdim edərkən deyib.
Nazir bildirib ki, dörd ay ərzində proqnozdan əlavə 2,4 milyard məbləğində gəlir toplanılıb. Operativ məlumatlara əsasən, artıq 5 ay ərzində həmin məbləğ 2,6 milyard manata çatıb. “Sevindirici hal ondan ibarətdir ki, həmin məbləğin 50 faizlik hissəsi - təxminən 1,3 milyard manatı qeyri-neft sektoru hesabına təmin edilmiş əlavə daxilolmalardır”, - deyə maliyyə naziri vurğulayıb.
Qeyd edək ki, "2023-cü il dövlət büdcəsi haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 779 500,0 min manat, xərcləri 36 568 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 014 798,0 min manat, yerli gəlirləri 764 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 791 792,0 min manat, yerli xərcləri 777 008,0 min manat) məbləğində proqnozlaşdırılır.