İyunun 2-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi Komitənin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi - Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl imzalayıb.
Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq 2023-2026-cı illər ərzində Qarabağa və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrin bacarıqlarının, dəstək xidmətlərinə çıxışın və gəlirgətirən sahələr üzrə imkanlarının artırmasından ibarətdir.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə ortaq əməkdaşlıqla reinteqrasiya tədbirləri çərçivəsində müxtəlif proqramların həyata keçirilməsində icmaların iştirakının təmini, davamlı inkişaf siyasətinə hazırlıq məqsədilə məcburi köçkün icmalarda bacarıqların artırılması, onların inkişaf etməsi üçün zəruri mühitin yaradılması məqsədilə maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 36 ay davam edəcək layihəyə ümumilikdə 18 şəhər və rayon üzrə 520 benefisiarın bilavasitə eyni sayda ailəni əhatə etməklə, ümumilikdə 2500 nəfərdən çox işsiz şəxsin cəlb edilməsi planlaşdırılır. Qrant layihə çərçivəsində hazırda yaşayış şəraitinə görə həssas kateqoriya kimi müəyyən edilmiş məcburi köçkünlərə üstünlük veriləcək.