logo

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

14:12 01-06-2023 | icon 2177
Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3-4 iyun tarixlərində paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Fəaliyyətində daimi olaraq innovativ yeniliklərdən istifadə edən “Kənddən şəhərə” yarmarkası bu dəfə də yeniliklə vətəndaşların xidmətində olacaq. Belə ki, artıq yarmarkadan alış-veriş edən vətəndaşlar fermerlərlə həm nağd, həm də nağdsız şəkildə hesablaşa biləcəklər. Ölkəmizdə müasir ödəniş ekosisteminin formalaşdırılmasına dəstək olan “PashaPay” şirkətinin nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pulqabısı “m10” ilə yarmarkada nağdsız ödənişlər etmək mümkün olacaq.

Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin edilirlər. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır.