Azərbaycan hökuməti bərpaolunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirir. Azərbaycan özəl sektoru, xüsusən də xarici oyunçuları bu sektora cəlb etməyi qarşısına məqsəd qoyub.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“Ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Bu gün biz 1800 MVt gücündə layihə üzərində işləyirik və nəzərinizə çatdırmaq istəyirəm ki, layihə özəl sektorla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu gün Azərbaycan qazının Aİ-yə ixracında mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı olmuşuq. Bu gün biz qazımızı 6 ölkəyə ixrac edirik və inanırıq ki, bu ölkələrin sayı artacaq. Mən, həmçinin üçüncü ölkələrlə tərəfdaşlıq və əməkdaşlığın qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox vacib olduğunu hesab edirəm”, - deyə nazir bildirib.
O qeyd edib ki, Azərbaycan təbii qaz mənbələrinin artırılması üzərində işləyir: “Bu gün ölkəmizin ehtiyatında 1,7 trilyon kubmetrə yaxın təbii qaz var ki, onu gələcəkdə digər ölkələrə də ixrac etməyi planlaşdırırıq. Bundan əlavə, 2028-ci ilə qədər bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi hesabına biz təxminən 1 milyard kubmetr qaza qənaət edərək ixraca yönəldəcəyik”.
Nazirin sözlərinə görə, gələcəkdə “yaşıl enerji”nin xarici bazarlara nəqli sahəsində birinci mərhələdə 4 qiqavat təmiz enerjinin Aİ-yə, 1 qiqavat enerjinin isə Türkiyəyə nəqli gözlənilir.