logo

Gəncədə alman traktorları yığılacaq

15:15 15-05-2023 | icon 1764
Gəncədə alman traktorları yığılacaq

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə İtaliyanın “SDF group” şirkəti arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.

Birliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ilkin mərhələdə DEUTZ-FAHR 4100 W-6205 g və AGROFARM-115 g alman modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib. Müqavilənin şərtlərinə görə, Gəncə avtomobil zavodu İtaliyanın “SDF group” şirkəti ilə ikitərəfli əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə genişləndirməyi nəzərdə tutur.

Yeni model traktorların təqdimat mərasimində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, İtaliyanın “SDF group”un beynəlxalq regional direktoru Umberto Miceli, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və digər rəsmi qonaqlar iştirak ediblər.

Müqaviləni “Gəncə avtomobil zavodu” İB-nin direktoru Bağban Nəbiyev və “SDF group”un beynəlxalq regional direktoru Umberto Miceli imzalayıblar. Birliyin Servis və marketinq şöbəsinin apardığı araşdırmalara görə, keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.