logo

Şabranda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini saxlanılıb

17:05 23-08-2018 | icon 2583
Şabranda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini saxlanılıb

Şabran rayon Polis Şöbəsinin əməkdaşları pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinini saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, əvvəllər də məhkum olunmuş Murad Məmmədov cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oğurluq edib.

Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. M.Məmmədov sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

Məlum olub ki, M.Məmmədov iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2 min 970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5 min rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə 10 min manatdan çox maddi ziyan vurub. M.Məmmədov oğurladığı qızıl-zinət əşyalarının bir qismini Bakı və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən ucuz qiymətə satıb. Qızılların bir qismi maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı M. Məmmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.