Aprelin 27-də Dövlət Gömrük Komitəsinin(DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-dan YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkənin gömrük orqanları arasında ilkin məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə saziş layihəsinin hazırlanması, güzgülü statistikanın aparılması, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) barədə Moldova gömrüyünün təcrübəsinin öyrənilməsi, mənşə sertifikatlarının elektron qaydada təqdim edilməsi imkanları, eləcə də operativ istintaq fəaliyyəti və hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nümunəvi təcrübənin Moldova gömrüyü tərəfindən öyrənilməsi və tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinə dair təqdimat nümayiş etdirilib.