logo

Sabunçuda qonşusu pakistanlının mənzilini qarət etdi

16:52 21-08-2018 | icon 2422
Sabunçuda qonşusu pakistanlının mənzilini qarət etdi

Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90 min Pakistan rupisi və 10 min manat dəyərində qızıl əşyalarının oğurlanması barədə 12-ci polis şöbəsinə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və cinayəti törətməkdə şübhəli bilinən şəxsin dərhal axtarışlarına başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmamasından istifadə edərək oğurluq məqsədilə mənzilə daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə məlumat verə bilərlər.