logo

Sərhəd pozucusu yaxalandı

14:58 21-08-2018 | icon 2807
Sərhəd pozucusu yaxalandı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər davam etdirilir. DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, son günlərdə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb. “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən bir nəfər saxlanılıb.

Belə ki, avqustun 15-də Gürcüstan ilə dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn iki çəllək aşkarlanıb. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aşkarlanıb.

Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində nəzarət iz zolağında bir nəfərə məxsus iz aşkar olunub. Dərhal keçirilmiş sərhəd axtarışı əməliyyatı nəticəsində bir nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı, Təbriz sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Məhəmməd olması müəyyənləşib. Onun bu ilin fevralında Culfa sərhəd nəzarət məntəqəsindən qanuni yolla Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qurması, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub. Sərhəd pozucusunun üzərində Azərbaycanda yaşamaq üçün bir illik icazə vəsiqəsi, “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran rialı, 58 manat, İrana və Azərbaycana məxsus plastik kartlar aşkarlanıb.

Faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.