logo

Paytaxtda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək

13:49 21-08-2018 | icon 3696
Paytaxtda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək

Bu gün Bakıda piyada səkiləri ilə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir.

YeniAvropa xəbər verir  ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır.

F.İsmaylov bildirib ki, bir neçə gün öncə Xətai rayonunda da belə bir problem meydana çıxmışdı: “Dovlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən vacib tapşırıqlarından biri də piyadaların təhlükəsizliyini təmin etməkdir və biz bütün aidiyyəti qurumları birgə koordinasiya şəklində bu işləri görməyə dəvət edirik”.

BNA-nın mətbuat katibi Mais Ağayev isə bildirib ki, Xətai rayonundakı problem qismən öz həllini tapıb və dayanacaq məntəqəsi ətrafında quraşdırılmış hasarlar sökülüb, hazırda isə dayanacaq pavilyonuna dəymiş zərər aradan qaldırılır.

"Hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var. Onları elə yerdə təşkil etmək istəyirik ki, hərəkətə mane olmasın", - deyə o qeyd edib.