Rumıniyanın paytaxtı Buxarestdə üçüncü Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri başa çatıb. Yarışın sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb.
YeniAvropa Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, yığmanın heyətində Həmidreza Bədriəliabadi (+87 kq) fəxri kürsüyə yüksəlib. Yarımfinalda italiyalı Mattia Molinə 1:2 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medala sahib olub.
Beləliklə, yarışa 4 taekvondoçu ilə yollanan komandamız 3 mükafata yiyələnib. H.Bədriəliabadidən əvvəl Səyyad Dadaşov (54 kq) həm qızıl medal, həm lisenziya, Xanoğlan Kərimov (63 kq) isə bürünc medal qazanıb.
Bu göstərici Azərbaycan millisini komanda hesabında ikinci edib.
Qeyd edək ki, ölkəmiz Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) turnirdə iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.