logo

AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb

15:55 03-04-2023 | icon 1855
AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərdə minatəmizləmə fəaliyyətinin icrası ilə paralel olaraq Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə və minadan zərərçəkənlərə qayğı göstərilməsi, onların daima mənəvi ruh yüksəkliyinin təmin olunması istiqamətində aparılan işlərə də böyük əhəmiyyət verir. Belə ki, qeyd olunan istiqamətdə fəaliyyətin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ANAMA ilə AFFA səylərini birləşdirir.

YeniAvropa xəbər verir ki, Bakı Olimpiya Stadionunda aprelin 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və ANAMA arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib.

Memorandum qarşıya qoyulan prioritet məqsədlərin həyata keçirilməsində tərəflərin əməkdaşlığını təmin etmək, mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması üçün birgə tədbirlər həyata keçirmək, minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası üçün onların müxtəlif futbol yarışlarında, digər kütləvi idman tədbirlərində iştirakını dəstəkləmək kimi vacib məsələləri özündə ehtiva edir.

Anlaşma Memorandumunu AFFA-nın baş katibi Sərxan Hacıyev və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov imzalayıb.

İmzalanma mərasimində çıxış edən AFFA-nın baş katibi Sərxan Hacıyev qeyd edib ki, Azərbaycan dünyada mina təhlükəsindən çox ciddi əziyyət çəkən ölkələrdən biridir: “Bu səbəbdən mina partlayışı nəticəsində vətəndaşlarımızın həlak olması və ya ağır yaralanması halları ilə qarşılaşırıq. Düşünürəm ki, AFFA və ANAMA arasında əsasını qoyduğumuz tərəfdaşlıq mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunlarının və turnirlərinin təşkili, sevimli idman növündən zövq almalarına zəmin yaradılması üzərimizə düşən məsuliyyətlərdən biridir”.

Memorandumda qeyd olunub ki, birgə əməkdaşlıq çərçivəsində tərəflər oyunlar və turnirlər təşkil edəcək, eləcə də turnirlərdə mina təhlükəsinə dair maarifləndirici çağırışların geniş şəkildə yayılması və ictimaiyyətə çatdırılması istiqamətində lazımi dəstək verəcək. Habelə, mina təhlükəsinə dair maarifləndirmə və inklüziv futbol turnirlərini (mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunları və turnirləri) dəstəklənməsi məqsədilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Daha sonra çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ölkəmizin genişmiqyaslı mina problemi ilə üzləşdiyi bir zamanda ANAMA və AFFA arasında imzalanan Anlaşma Memorandumu istər Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə, istərsə də mina və partlamamış hərbi sursatlardan zərərçəkən şəxslərin cəmiyyətə reinteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir: “Günümüzdə böyük bir kütlə tərəfindən sevilən və izlənən futbol idman növü üzrə inklüzivliyin dəstəklənməsi, mina hadisələri nəticəsində müxtəlif xəsarətlər alan və ya amputant futbolçuların bu idman növünə cəlb olunması və sosial-ictimai rifahının yaxşılaşdırılması olduqca vacib məsələlərdən biridir”.

Anlaşma Memorandumu imzalandıqdan sonra Bakı Olimpiya Stadionunun ərazisində yerləşən meydançada mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslər arasında futbol oyunu keçiriləcək.