logo

UEFA Türkiyənin üç klubunu cəzalandırıb

20:20 30-03-2023 | icon 2177
UEFA Türkiyənin üç klubunu cəzalandırıb

UEFA Türkiyənin "Fənərbağça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandaların azarkeşlərinin avrokubok matçlarındakı davranışı səbəb olub.

İstanbul təmsilçisinin evdə İspaniya "Sevilya"sına 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fanatların meydana yad əşyalar atması və keçidləri bağlaması klubu 44 min avro ziyana salıb. Üstəlik, növbəti avrokubok görüşündə "Ülker" stadionunda 5 min oturacaq boş qalacaq.

"Trabzonspor" tərəfdarlarının İsveçrədə "Bazel"ə qarşı keçirilmiş pley-off mərhələsinin cavab matçında (0:2) priotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 20 min avro cərimələnib.

UEFA ən ağır cəzanı isə "Sivasspor"a verib. Komandanın "Fiorentina"ya 1:4 hesabı ilə uduzduğu Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçuya hücum çəkib. Nəticədə Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiya olunub.