logo

İri marketlərdə zavod çörəyi 5 qəpik ucuzlaşıb

12:29 14-03-2023 | icon 2268
İri marketlərdə zavod çörəyi 5 qəpik ucuzlaşıb

Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti martın 9-da 35,5 manat – 37,2 manat olub.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edib.

Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.

Xatırladaq ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 % aşağıdır.

Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.

Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub.

Unun topdansatış qiymətlərinə dair məlumatlara keçid etmək olar.