logo

Həcc ziyarətinə gedənlərin sonuncu qrupu Bakıdan yola düşüb

13:15 15-08-2018 | icon 2282
Həcc ziyarətinə gedənlərin sonuncu qrupu Bakıdan yola düşüb

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sonuncu qrupu artıq Səudiyyə Ərəbistanına yola düşüb. 

YeniAvropa xəbər verir  ki,  180 nəfər Heydər Əliyev adına beynəlxalq hava limanından bu gün Bakı saatı ilə 12.00-da gediblər. 

Məlumat üçün bildirək ki, avqustun 19-da azərbaycanlı hacı namizədləri qaldıqları hotellərdən Ərafata daşınacaq və onlar dualar edərək ehrama daxil olacaqlar. Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurbangahda qurban kəsəcəklər.

Azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.(“Report”)