Bu gün “Şahdağ” yay-qış turizm mərkəzində mayın 17-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb.
YeniAvropa Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova, AGF-in İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, federasiyanın baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə ölkəmizdə gimnastika növü üzrə mötəbər yarışın püşkatma mərasimi ilk dəfə paytaxt Bakıda deyil, bölgədə təşkil olunub.
Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.
Xatırladaq ki, paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.