“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla Qırğızıstan baş nazirinin müavini Bakıt Torobayev arasında keçirilən görüşdə ölkələr arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələri müzakirə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə AZAL-ınin Mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, görüşdə tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını müzakirə edib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün görüləcək tədbirləri müəyyələşdiriblər.
Cahangir Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, onların iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına töhfə verəcək.
Bakıt Torobayev Azərbaycanın mülki aviasiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahədə ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, tərəfdaşlıq ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.