logo

Romada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi

00:17 29-12-2017 | icon 2121
Romada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi

Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Romada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə İtaliyada yaşayan Azərbaycan icmasının üzvləri, müxtəlif universitetlərdə təhsil alan tələbələrimiz, ölkədə fəaliyyət göstərən Azərbaycan-İtaliya birgə ictimai, gənclər, mədəni, akademik, iqtisadi qurumlarının, dostluq assosiasiyalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən səfir Məmməd Əhmədzadə dünyada yaşayan soydaşlarımızın milli mənəvi dəyərlərə bağlılığının və Vətənlə təmaslarının möhkəmləndirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu deyib. Səfir bu xüsusda ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər barədə danışıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən diplomat bu günlərdə Azərbaycan dövlətinin başçısının dünya azərbaycanlılarına müraciətindəki fikirlərə istinad edərək İtaliyada yaşayan həmvətənlərimizi də milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməyə çağırıb.

Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən M.Əhmədzadə onlara xoş arzularını çatdırıb.