logo

İlqar Məmmədovun məhkəməsi təxirə salınıb

14:45 10-08-2018 | icon 2408
İlqar Məmmədovun məhkəməsi təxirə salınıb

Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

YeniAvropa xəbər verir  ki,  hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının məhkəməyə gəlmədiyi elan olunub. Bu səbəbdən də proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.

Xatırladaq ki, T.Yaqublu prezidentin  imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.("Report")