logo

Azərbaycan-Rusiya  nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

16:59 08-08-2018 | icon 2702
Azərbaycan-Rusiya  nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

Azərbaycan Rusiya ilə nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nda Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüş keçirilib. QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərindən danışan C.Qurbanov bildirib ki, bu dəhlizlə bağlı işlərin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Bu marşrut təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.