Azərbaycan millisinin forvardı Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ilin bombardirləri siyahısına düşüb.
YeniAvropa xəbər verir ki, “Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb. Onunla birlikdə daha 14 oyunçunun aktivində 25 top var. R.Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kuboku yarışında, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.
Cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. İyirmi dörd yaşlı forvard ümumilikdə 56 oyuna 56 qolla yadda qalıb.