Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildirilib ki,Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.