logo

Ləğv prosesində olan 6 bankın əmlakı satışa çıxarılır

11:49 08-08-2018 | icon 2653
Ləğv prosesində olan 6 bankın əmlakı satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan "Bank Standard" KB QSC, "Texnikabank" ASC, "Atrabank" ASC, "Kredobank" ASC, "Bank of Azərbaycan" ASC, "Royalbank" ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

Fondun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, 20 lot üzrə əmlak birinci dəfə, 9 lot üzrə dördüncü dəfə hərraca çıxarılır. Sentyabrın 3-də keçiriləcək hərraca 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda bir ədəd qeyri-yaşayış sahəsi, bir ədəd minik avtomobili, 6 lot üzrə kompüter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd POS-terminal satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında keçiriləcək. Hərraca çıxarılan əmlakın vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=40 saytında tanış olmaq olar.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Xammal və Əmtəə Birjası vasitəsilə son zamanlar təşkil etdiyi hərraclarda ləğv prosesində olan "BankStandard" KB QSC, "Texnikabank" ASC, "Bank of Azerbaijan" ASC, "Zaminbank" ASC, "Dekabank" ASC və "Royalbank" ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus 17 avtomobil, 5 ədəd bankomat, pulsayan və pulpresləyən avadanlıq, dörd lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi ev, Qubada qeyri-yaşayış sahəsi və İsmayıllı rayonunda torpaq sahəsi satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.