Gələn ildən yarışlara yeni çəki dərəcəsində qatılacağam.
YeniAvropa xəbər verir ki, bu sözləri "Rio-2016" Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov bildirib. O qeyd edib ki, gələn ildən yarışlara artıq 73 kiloqram çəki dərəcəsində deyil, 81 kiloqram çəki dərəcəsində qatılacaq: “Bu, həm də yaşla bağlıdır. Çünki daha gənc yaşlarda çəkisalma prosesi bir qədər fərqli olur. Əvvəllər heç bir problem yox idi və rahat çəki sala bilirdim. İndi çəki atdığım zaman bərpa prosesi çətin gedir və bu da yarışlarda nəticəyə təsirini göstərir. Düşünürəm ki, 81 kiloqram çəki dərəcəsi mənim üçün daha rahat olar. İnşallah, həmin çəkidə 1 nömrəli olacağam. Gələn il Paris Olimpiadasına əsas hazırlıq ilidir. Əminəm ki, yeni çəki dərəcəsi üzrə olimpiadada iştirak edib uğur qazanacağam”.
Rüstəm Orucov başa çatmaqda olan ildə nəticələrindən də danışıb: “Bu il beynəlxalq yarışlarda əldə etdiyim nəticələri o qədər də uğurlu hesab etmirəm. Düzdür, Avropa və dünya çempionatlarında medal qazanmışam. Amma daha yaxşı çıxış edə bilərdim. Ümid edirəm ki, növbəti ildə daha böyük nailiyyətlər qazanacağam”.