logo

TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb

19:27 06-08-2018 | icon 2702
TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb

Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

Z.Qəhrəmanovun sözlərinə görə, Azərbaycan qazı iyunda TANAP ilə Əskişəhərə çatıb. Layihənin ikinci fazası üzrə işlər davam edir: “TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi başa çatıb. Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra gələn ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək”.

Qeyd edək ki, TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Avqustun əvvəlində Avropa İttifaqı TANAP layihəsinə qrant ayırıb. Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5 milyon 44 min 394 avro qrant ayrılıb.

TANAP CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc edib. 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötüb.

Ötən ay isə Dünya Bankının Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) TANAP boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,1 milyard dollarlıq zəmanət verib. 15 illik zəmanət “Cənub Qaz Dəhlizi” QSC ilə “AKA Bank”, “Citi”, “Crédit Agricole CIB, “ING”, “LBBW”, “Santander and Société Générale” bankaları ilə imzalanan kredit müqavilələrini əhatə edir. “Cənub Qaz Dəhlizi” QSC TANAP layihəsində əsas səhmdarıdır və Azərbaycanın maraqlarını qoruyur.

Artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək 5,5 milyard dollar xərclənib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.