logo

BDYPİ odsöndürən balonla bağlı sürücülərə müraciət etdi

14:07 06-08-2018 | icon 4102
BDYPİ odsöndürən balonla bağlı sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən YeniAvropa-ya  bildiriblər ki, müraciətdə yol-nəqliyyat hadisələri nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılmış təhlillərin hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin avtomobillərdə odsöndürənlərin olmadığını və ya onların yararlılıq müddəti bitdiyindən yanğınların vaxtında söndürülmədiyini ortaya çıxardığı qeyd edilib. Vurğulanıb ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olmasına və onlara külli miqdarda maddi zərərin dəyməsi ilə nəticələnib.

“Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrindəki nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daim nəzarətdə saxlasınlar”, - deyə BDYPİ-nin məlumatında bildirilib.