logo

Taekvondoçularımız Avropa çempionatında 4 medal qazanıb

14:44 27-11-2022 | icon 3017
Taekvondoçularımız Avropa çempionatında 4 medal qazanıb

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi davam edir.

YeniAvropa xəbər verir ki, Azərbaycan millisi yarışda daha iki medal qazanıb.

Komandamızın heyətində Mehdi Budaqlı dünya çempionatının ardınca qitə birinciliyində də fəxri kürsüyə yüksəlib. Belə ki, 33 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarışa ispaniyalı Enol Peres üzərində qələbə ilə başlayıb. Dörddəbir finalda Evangelos Pantosu (Yunanıstan) da məğlub edən dünya çempionu yarımfinalda Dieqo Senesi (İtaliya) ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib qalib gəldiyindən Budaqlı bürünc medala layiq görülüb.

Onun komanda yoldaşı Bahadur Dostuyev (49 kq) də fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Ardıcıl olaraq, Yahia Elaqami (Böyük Britaniya) və Asterios Fourkiotisu (Yunanıstan) yarışdan kənarlaşdıran təmsilçimiz finala gedən yolda Aristeidis Psarrosu (Yunanıstan) sınağa çəkib. Yarımfinalda rəqib üstün olduğundan Bahadur milliyə ikinci bürünc medalı qazandırıb.

Beləliklə, millinin aktivində hələlik 1 qızıl, 1 gümüş və 2 bürünc medal var. Bundan əvvəl Zəhra İsayeva (29 kq) çempion olub, Xuraman Cavadzadə (37 kq) ikinci yeri tutub.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.