logo

DÇ-2022: Bu gün daha dörd oyun keçiriləcək

09:55 27-11-2022 | icon 2660
DÇ-2022: Bu gün daha dörd oyun keçiriləcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, bu gün daha dörd oyun keçiriləcək. Belə ki, matçlar E və F qruplarında II tur çərçivəsində təşkil ediləcək.

Günün ilk oyununda - E qrupunda Yaponiya yığması Kosta-Rika (Bakı vaxtı ilə saat 14:00) komandası ilə qarşılaşacaq. İspaniya və Almaniya (saat 23:00) yığmaları bu qrupun digər oyununda görüşəcəklər.

İspaniya və Yaponiya komandaları 3 xalla qrupda ilk iki pillədə yer alıblar. Almaniya və Kosta-Rika komandaları isə hələlik xal qazana bilməyiblər.

F qrupunda isə Belçika–Mərakeş (saat 17:00), Xorvatiya–Kanada (saat 20:00) qarşılaşması olacaq.

Belçika millisi 3 xalla F qrupuna liderlik edir. Xorvatiya və Mərakeş komandaları 1 xalla ikinci-üçüncü yerdədirlər. Xal qazana bilməyən Kanada isə sonuncudur.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.