Qətərdə keçirilən futbol üzrə dünya çempionatında D qrupunun digər oyununda Fransa və Danimarka komandaları qarşılaşıblar.
YeniAvropa xəbər verir ki, görüş Fransa yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fransanın qollarını 61-ci və 86-cı dəqiqələrdə Kilian Mbappe vurub. Danimarka millisində isə 68-ci dəqiqədə Andreas Kristensen fərqlənib.
Bununla da ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci yerdə qərarlaşıb və qrupdan çıxmağı təmin edib, Avstraliya isə 3 xalla ikinci yerdədir. Danimarka və Tunis komandaları isə hərəyə 1 xalla 3-cü və 4-cü yerləri bölüşürlər.
Günün son oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.
Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub.