Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib. YeniAvropa xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.
Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək.