Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.
DMX-dən YeniAvropa-ya bildiriblər ki, Xidmət tərəfindən avqustun 1-də və 2-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 42 əcnəbi saxlanılıb. Onlardan 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pakistan, 2-si İraq, 2-si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşıdır.
Saxlanılmış 10 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 3 nəfər Türkmənistan (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 25 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib. O cümlədən əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarılmış 1 nəfər 1982-ci il təvəllüdlü İraq vətəndaşı Ahmad Cabbar Kadim Tameeminin bilərəkdən pasport məlumatlarını dəyişərək Ahmad Qabar Kadim Tameemi kimi yenidən Azərbaycan Respublikasının ərazisinə daxil olduğu aşkarlanıb.
Saxlanılmış əcnəbilərdən 31 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.