logo

DÇ-2022: Bu gün Almaniya-Yaponiya, İspaniya-Kosta-Rika qarşılaşması olacaq

09:09 23-11-2022 | icon 1988
DÇ-2022: Bu gün Almaniya-Yaponiya, İspaniya-Kosta-Rika qarşılaşması olacaq

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

YeniAvropa xəbər verir ki, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək və oyuna saat 23:00-da start veriləcək.

E qrupunda isə Almaniya seçməsi Yaponiya ilə, İspaniya Kosta-Rika ilə üz-üzə gələcək. Almaniya – Yaponiya matçı saat 17:00-da, İspaniya – Kosta-Rika qarşılaşması isə saat 20:00-da başlayacaq.

Turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.