logo

Mobil telefonların qeydiyyat qiyməti 5 manatdan 150 manata qalxdı 

16:17 02-08-2018 | icon 3689
Mobil telefonların qeydiyyat qiyməti 5 manatdan 150 manata qalxdı 

Baş nazir Novruz Məmmədov “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

YeniAvropa xəbər verir  ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib. 

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək. 

Qərarda qeyd edilir ki, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir. Bu, mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur. Bazar qiyməti 100 ABŞ dollarından çox olduqda qiymətdən asılı olaraq 50-150 manat arasında dövlət rüsumu ödənilir.

foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar xaric digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərin manat ekvivalentində müəyyən edilir:

 - bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat;

- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat;

- bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.

Qərarda qeyd edilir ki, mobil cihaz – mobil operatorların ümumi istifadədə olan telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıqdır.

Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.