logo

7 boksçumuz Polşada keçirilən beynəlxalq turnirdə finala yüksəlib

18:38 13-11-2022 | icon 2233
7 boksçumuz Polşada keçirilən beynəlxalq turnirdə finala yüksəlib

Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb.

YeniAvropa  Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, dörddəbir final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Boksçumuz Ümid Rüstəmov (57 kq) Tirzoman Eysebyunun (Rumıniya) ardınca irlandiyalı Şon Persellə də gücünü göstərib. Rəqibini məğlub edən boksçumuz adını finala yazdırıb.

Ruslan Qədirov (54 kq) yarımfinalda Yakub Krjpeytlə (Polşa) münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Avropa çempionatının finalçısı bürünc medalla kifayətlənib.

Digər boksçumuz Sərxan Əliyev də turniri üçüncü pillədə bitirib. Yarışda 71 kiloqram çəki dərəcəsində gücünü yoxlayan idmançımız yarımfinalda polşalı Damyan Durkajla döyüşüb və rəqib qələbə qazanıb.

Nəticədə Azərbaycan yığmasının heyətində finalda mübarizə aparacaq boksçularının sayı 7-yə, bürünc medal qazananlar isə 4-ə çatıb.

Bu gün baş tutacaq final mərhələsində Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) sınağa çəkəcək.

Qeyd edək ki, komandamızın heyətində Ruslan Qədirov və Sərxan Əliyevdən əvvəl Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) da bürünc medal qazanıblar.