logo

Allahşükür Paşazadə “Məkkənin yenidən qurulmasi” konfransında

08:12 28-12-2017 | icon 2366
Allahşükür Paşazadə “Məkkənin yenidən qurulmasi” konfransında

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Məkkə regionunun əmiri Şahzadə Xalid Əl-Feysəl bin Əbdüləzizin rəhbərliyi ilə “Məkkənin yenidən qurulmasi” mövzusunda konfrans keçirilib. YeniAvropa xəbər verir ki, konfransın əsas sessiyasında Səudiyyə Ərəbistanı İslam məsələləri və vəqflər naziri şeyx Saleh bin Əbdüləziz Əl-Şeyxin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatları Siyavuş Novruzov, Cavanşir Paşazadə və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Sabir Həsənli təmsil olunublar.

Konfransda Səudiyyə Ərəbistanı kralının müşaviri, Məkkə regionunun əmiri Şahzadə Xalid Əl-Feysəl bin Əbdüləziz, Səudiyyə Ərəbistanının islam məsələləri və vəqflər naziri şeyx Saleh bin Əbdüləziz Əl-Şeyx, ölkənin maliyyə naziri Məhəmməd bin Abdullah Əl-Cadaan, həcc və ümrə naziri Məhəmməd Saleh Benten əsas sessiyada çıxış edərək müqəddəs Məkkənin İslam dünyasındakı əhəmiyyətindən, dünya müsəlmanları üçün daşıdığı önəmdən danışaraq bu regionda Səudiyyə hökuməti tərəfindən görülən yenidənqurma işləri barədə konfrans iştirakçılarını məlumatlandıraraq hazırda həyata keçirilən layihələrdən söhbət açıblar.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı islam məsələləri və vəqflər naziri Şeyx Saleh bin Əbdüləziz Əl-Şeyxlə görüşüb. Görüş zamanı ölkələrimiz arasındakı münasibətlər, ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə bir daha səudiyyəli nazirə məlumat verilib, Azərbaycan hökuməti və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunmuş beynəlxalq tədbirlər və görülmüş işlərdən danışılıb.

Nazir dekabrın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Məkkə regionunun əmiri Şahzadə Xalid Əl-Feysəl bin Əbdüləziz Əl-Səudla və həcc və ümrə naziri Məhəmməd Saleh Bentenlə görüşlər zamanı da ikitərəfli əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb. Həmçinin A.Paşazadə Türkiyə, Misir, Livan, Tatarıstan və digər ölkələrin dini liderləri ilə görüşlər keçirib və müzakirələr aparıb.