İyulun 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə “Xaş-Xaş 2018” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 310 kiloqram olan 530 çətənə kolu, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Davam etdirilən xüsusi əməliyyat və profilaktik tədbirlər nəticəsində həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500-ə yaxın çətənə kolu da aşkarlanaraq məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müvafiq tədbirlər davam etdirilir.