logo

6 ayda 12 min 844 cinayət fakı qeydə alınıb

18:35 30-07-2018 | icon 2149
6 ayda 12 min 844 cinayət fakı qeydə alınıb

İyulun 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, 2018-cı ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 12 min 844 cinayətin 93,8 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Bildirilib ki, cari il iyulun əvvəllərində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən və ölkədə geniş ictimai rezonans doğuran terror aktı, həmin hadisələrin davamı olaraq din pərdəsi altında fəaliyyət göstərən və çoxu məhkumluq həyatı yaşamış cinayətkar aləmin ünsürlərinin Gəncədə törətdikləri kütləvi iğtişaş nəticəsində iki polis əməkdaşının - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovun qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib.

Radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində indiyədək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Həmçinin silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilərək məhv edilib, 13 nəfər barəsində həbsli axtarış elan olunub.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinin əhəmiyyəti xüsusi qeyd olunub. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkarlanması, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Hesabat dövründə mərkəzə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilib.

Bildirilib ki, rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 51 milyon 194 min manat ziyandan istintaq müddətində 16 milyon 578 min manatın ödətdirilməsi təmin olunub. Qalan ziyanın ödətdirilməsi məqsədilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Müşavirədə 2018-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə ilə çıxış edib.