Ölkə ərazisində iyulun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 28-29° isti olacaq.
Mülayim şimal-şərq və şərq küləyinin əsməsi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 31-də Abşeron yarımadasında zəif şərq küləyinin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.