Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşdə qarşılaşacaqlar.
YeniAvropa xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev ardıcıl olaraq Angelo Pantano (İtaliya), Şerzod Davlatov (Qazaxıstan), Dilşot Xalmatova (Ukrayna) qalib gəlsə də, yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub.
Eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayev (Qazaxıstan) və Youssi Samini (Misir) məğlub etsə də, Vey Yanqın (Çin Taypeyi) müqavimətini qıra bilməyib. Bayramov təsəlliverici görüşdə Kumar Vijay Yadava (Hindistan) qalib gələrək üçüncü yer uğrunda qarşılaşmada Ağayevin rəqibi olub.
66 kq-da yarışan Tofiq Məmmədov Oskar Pertelson (Estoniya) və Freddi Vayzeneggerdən (İsveçrə) üstün olsa da, Lenin Preciadoya (Ekvador) yenilərək turnirlə vidalaşıb.
Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva Rafael Batista (Braziliya) və Melanie Klementi (Fransa) mübarizədən kənarlaşdırsa da, Françeska Milani (İtaliya) ilə bacarmayıb. O, təsəlliverici görüşdə Zonqyinq Guoya (Çin) uduzub.
52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva startdaca Tolqanay Abeuovaya (Qazaxıstan) məğlub olub.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.