logo

Qurban Qurbanov: Yunanıstandakı hesab bizi aldatmamalıdır

13:53 12-10-2022 | icon 1820
Qurban Qurbanov: Yunanıstandakı hesab bizi aldatmamalıdır

Komandada son günlər yorğunluq hiss olunur. Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.

YeniAvropa xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 12-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar.

Baş məşqçi Afinada “Olimpiakos”u məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb: “Bu, sırf Ramil Şeydayevin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə isə çox sevinirəm”.

Mütəxəssis müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu deyib: "Qalibiyyətlərimizin gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.